Ekspert təhsildəki çatışmazlıqları açıqladı

Avqust ayının son gününü yaşayırıq. Bu da o deməkdir ki, qarşıdan senytabr, yəni təhsil ilinin başlandığı ay gəlir. Yəqin ki, sabahdan başlayaraq məktəblilərin, eləcə də valideynlərinin məktəb təlaşı bir qədər də artacaq. 

Maraqlıdır, ölkə olaraq yeni tədris ilinə necə hazırlaşmışıq? Bu ilki dərs ilində ötən illərdən yığılıb qalmış hansı problemlərlə qarşılaşmayacağıq? Və ya hansı problemlər əvvəlki illərdə olduğu kimi bu il də belimizdə, boynumuzda yük olacaq? 
 
Mövzu ilə bağlı suallara təhsil eksperti Nabatali Qulamoğlu aydınlıq gətirib. 

N.Qulamoğlu suallarımızı cavablayarkən bunları deyib:

"Elə həssas zamanda sual verirsiniz ki, optimist cavab verməyə ovqat qalmayıb. Çünki bir neçə gün bundan qabaq məktəb direktorluğuna qəbulla bağlı nazirin əmri gizli şəkildə təhsil şöbələrinə göndərilib. Ona görə aşkarlıq pozulub ki, qəbulla bağlı çox ciddi nöqsanlar var. Mart ayından bəri hamının gözləri dikilmişdi ki, məktəb direktorluğu vəzifəsinə vakant yerlərə savadlı və korrupsiyadan uzaq olan şəxslər gələcək. 

Bu məsələdə təhsil naziri müstəqillik göstərmək istəyirdi. Təəssüf ki, icra başçıları öz "təsərrüfatlarını" əldən vermədilər. Onların təkidi ilə yüksək bal toplamış müəllimlər kənarda qaldı. Yenə də korrupsioner direktorlar ya vəzifə başında qaldılar, ya da bir sıra yerlərdə icra başçılarının maraqlarını təmin edən namizədlər keçdilər. Layiqli namizədləri müsahibə mərhələsində saxladılar. Heç bəhanə tapmayanda dedilər ki, onlardan icra hakimiyyətinin şikayəti var. 
Bütün bunları icra başçıları o bəhanə ilə etdilər ki, güya seçkidə istədiyi nəticəni almaq üçün məqbul saydıqları namizədləri qəbul edə bilərlər.

Digər problemlərə gəldikdə, dərsliklərlə bağlı problem yoxdur. Məktəbli formaları ilə bağlı problemlər hələ də qalmaqdadır. Formaların qiyməti kasıb əhalinin cibinə uyğun deyil. Nisbətən ucuz paltarları isə Bakı Tikiş Evində deyil, digər sexlərdə hazırlayırlar. Bu da süni materialdandır, uşaqların həm sağlamlığına təhlük yaradır, həm də tez sıradan çıxır”.  

Ekspert daha sonra valideynlərə bəzi məsləhətlər də verib: 

"Təhsilin keyfiyyəti ilk növbədə məktəblərə rəhbərlikdən asılıdır. Ona görə valideynlərə ilk tövsiyyəm budur ki, övladlarını mümkün qədər dövlət sektorunda olan məktəblərdə deyil, özəl sektorda oxutsunlar”./moderator.az/

MediaFax