Edama razıyam - “Reina” terrorçusu

Türkiyədə gecə klubunda qətliam törədən qatil edam olunmasını istəyib.
 
Türkiyə KİV-ləri xəbər verir ki, "Reina” gecə klubunda terror aktı törədən Abdulkadir Maşaripov son məhkəmə ifadəsi zamanı etiraf edib və edam qərarına razı olduğunu bildirib.

Maşaripov İŞİD terror təşkilatının üzvü olduğunu, xristianları öldürmək istədiyini qeyd edib. Onun sözlərinə görə, Taksimdə terror törətmək əmrini Abu Cihad adlı şəxsdən alıb. Həmin şəxs ona "Reina”da xristianların toplaşdığını və bayram qeyd etdiklərini bildirib. Bu məqsədlə Maşaripova "Kalaşnikov” markalı tüfəng, patronlar və 3 ədəd "flashbang” verib.

"Reina” terrorçusu "flashbang”lə əl bombasını səhv saldığını, bunun nə olduğunu yalnız terror əsnasında öyrəndiyini bildirib. "Reina”da özünün də öləcəyini gözlədiyini deyən Maşaripov ölmək üçün "flashbang”i üzünə tutduğunu qeyd edib.

Terroru müsəlmanları öldürən xristianlardan qisas almaq üçün törətdiyini deyən Maşaripov edam hökmünə razı olduğunu dilə gətirib.

Abdulkadir Maşaripov 2017-ci il yanvarın 1-nə keçən gecə İstanbulun "Reina” gecə klubunda 39 nəfəri qətlə yetirib./aznews.az/

MediaFax