Düşmənin hədələrinə Azərbaycandan sərt cavablar

Üzeyir Cəfərov: "Bunlara başa salan yoxdur ki, sizin iki addımlığınızda - Naxçıvanda hazır vəziyyətdə qalan ağır raket-artilleriya silahlarımız var...”

Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa sonuncu qanunsuz səfərində Azərbaycanı "İsgəndər” raketləri ilə təhdid etməsi erməni rəsmilərini və Qarabağda cinayətlər törətmiş keçmiş döyüşçüləri necə ruhlandırıbsa, hər gün eyni məzmunlu iddialarla çıxış edirlər.

İşğalçı ölkədə keçiriləcək seçkilərə artıq saatlar qaldığı bir zamanda düşmənin hərbi ritorikanı işə salması anlaşılandır. Diqqəti seçkilərdən maksimum yayındırıb "təhlükəsizliyin qarantı” olaraq təqdim edilən Sərkisyanın savaş bəyanatlarına yönəltməklə erməni texnloqları həm də ildönümü yaxınlaşan aprel savaşının ağrı-acısını unutdurmaq istəyirlər. 


Bugünlərdə erməni politoloq Riçard Kirakosyan bildirmişdi ki, Qarabağ münaqişəsində hərbi əməliyyatların yenilənməsi riski hələ də qalır. O demişdi ki, yeni hərbi əməliyyatlar ötən ilin aprelində olduğu kimi gözlənilməz olmayacaq. "Ermənistan da yeni növ silahlarla silahlanıb və bu o deməkdir ki, yeni hərbi toqquşmalar daha genişmiqyaslı və dağıdıcı olacaq”-ekspert əlavə edib. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan isə son açıqlamasında müharibə riskinin olduğunu təsdiqləyib. Eyni zamanda Qarabağda ağır cinayətlər törətmiş Ter-Tedovasyan da növbəti hədələrlə çıxış edib.


Hərbi ekspert Üzeyir Cəfərov da "Yeni Müsavat”a durumun xeyli gərgin olduğunu təsdiqlədi: "Son günlər Ermənistanda baş verənlər onu deməyə əsas verir ki, aprelin 2-si tarixi yaxınlaşdıqca vəziyyət bir qədər də gərginləşəcək. Bildiyiniz kimi, məhz həmən gün Serj Sərkisyan və onun Qarabağ klanını təşkil edən komandası bütün gücünü sərf edib ki, parlament seçkilərinin nəticəsini artıq indidən təmin etsin. Bunun üçün isə bütün metod və üsullardan istifadə edilir. Və bu cinayətkarın ötən günlərdə işğal olunmuş Dağlıq Qarabağda hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edərkən söylədikləri də sadəcə blef və daxili auditoriyaya hesablanmış ucuz şou xarakterli sözlər kimi qəbul olunmalıdır. Artıq daxildə baş verənlər o qədər ciddi rezonans və narazılıq yaradır ki, Ermənistanın hazırkı rəhbərliyi çalışır ki, vəziyyət tam nəzarətdən çıxmasın. Və heç də yaraşmayan, küçə uşaqlarının səliqəsiz şəkildə adətən geyinməyə çalışdıqları hərbi səhra mundirini əyninə keçirərək ”gurultulu" bəyanatlar səsləndirdi".


Hərbi ekspertin fikrincə, Sərkisyan özü də bilmədən "barıtı” çox elədi: "Guya bunlar Azərbaycanın ərazisinin dərinliklərində Silahlı Qüvvələrimizin hərəkətini izləyə bilirlər?! Yəqin gecə yuxusunda gördüyü real olmayan bir yuxunu bu adam dilinə gətirdiyinin fərqində deyildi. Az qala, hər həftə mövqelərimiz üzərində, ya elə öz ərazilərində vurulan ucuz pilotsuz uçan aparatlarlamı (PUA) bu bizi ”dərinliklərdə belə izləyir".

Deyən gərək, ay bədbəxt insan, sənin istifadə etdiyin PUA-lar yaxın-uzaq qonşularımızda ancaq kənd təsərrüfatı və hərbdən çox uzaq sahələrdə istifadə olunur. Ermənilərin cinayətkar rəhbəri durub bizə hələ hədə də gəlir ki, zərurət yaranarsa, Ermənistan silahlı qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, "İsgəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək", kimi diletant fikirlər səsləndirir. Bu adam hələ də nə danışdığının fərqində deyil. Bunlara başa salan da yoxdur ki, sizin iki addımlığınızda Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hazır vəziyyətdə qalan ağır raket-artilleriya silahlarımız var. Bəlkə də bilirlər, amma blef uçun belə bəyanatlar səsləndirməyə məcburdular. Ancaq bütün bunlar bizi əsla qorxutmamalıdır və qorxutmur da".


Ü.Cəfərov qeyd etdi ki, ötən illər ərzində Sərkisyanın özünün və yaxın ətrafının bu tip hədyan dolu çıxışları neçə dəfə etdiyinə diqqət etsəniz, özünüz də görərsiniz ki, hər dəfə daxildə hansısa siyasi tədbirləri öncəsi bunlar belə sərsəm fikirləri ortalığa atırlar: "Yəqin ki, parlament seçkilərində elektoratını artırmaq üçün belə edirlər. Amma bunların da ona xeyri az dəyəcək”.



Vacib.İnfo