Hər yerdə buğda ucuzlaşırsa... - Bizdə niyə çörək bahadır?

Bakı şəhərində çörək bahalaşmaqda davam edir. Dükanlarda bu qiymətlər fərqli olduğundan, rəsmi qurumlar çörəyin qiymətinin artması faktını təkzib edirdilər.

Amma istehsalçılar 30 qəpiyə satılan 550 qr-lıq zavod çörəyinin çəkisi iki dəfə azaldılmaqla bu görüntünü saxlaya bilirdilər. 40 qəpiyə satılan 700 qramlıq zavod çörəyi isə əksər dükanlarda 50 qəpiyə təklif olunur. Artıq 30 qəpiyə çörək tapmaq demək olar ki, müşkülə çevrilib. Bu da həmin qiymətə satışın ləğv edilməsi ilə bağlıdır.

Hazırda 550 qr-lıq çörək 40 qəpiyə, 700 qr-lıq çörək isə 50 qəpiyə satılır. Nə çörək istehsalçıları, nə də satıcılar qiymət artımın gerçək səbəbinə aydınlıq gətirmək istəmirlər. BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO)-nun hesabatı Azərbaycanda un və un məhsullarının qiymət artımı üçün heç bir əsas olmadığını göstərir. Belə ki, FAO-nun bu günlərdə verdiyi məlumata görə, 2016-cı ilin iyul ayında dünya bazarında ərzaq məhsulları dəyərinin orta indeksi 161,9 bənd təşkil edib. Bu göstərici iyun ayı ilə müqayisədə 1,3 bənd və ya 0,8 faiz aşağıdır. Qeyd edilən göstərici ötən ilin müvafiq dövründən də 1,4 bənd azdır. Taxıl məhsulları və bitki yağlarının indeksində 5 həftə müşahidə olunan artım iyul ayında azalma ilə əvəz olunub.Süd məhsullarına, ətə və şəkərə tələbat da artıqlaması ilə ödənilib.

BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına görə, iyul ayında dünya bazarında əsasən taxılın və ərzaq buğdasının qiyməti ucuzlaşıb. Ötən ay taxıl məhsullarının qiymət indeksi 148,1 bənd, iyun ayındakı göstəricidən 8,8 faiz və ya 5,6 faiz aşağı düşüb. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə də qiymətlərin 11 faiz aşağı düşməsindən xəbər verir. Taxıl məhsulları sırasında ABŞ-da iqlim şəraiti ilə əlaqədar olaraq, qarğıdalının qiymətində qismən artım baş verib. "Basmati” və uzundənli sortların qiyməti ehtiyatların tükənməsi ilə əlaqədar möhkəmlənib. Artıq üç aydır ki, bitki yağlarının qiymətində ucuzlaşma müşahidə olunur. İyul ayında yağın qiyməti 157,4 bənd və ya iyun ayından 4,6 bənd (2,8 %) aşağı enib. Süd məhsullarının qiymət indeksi iyun ayı ilə müqayisədə 4,3 bənd və ya 3,2 faiz artıb. Şəkərdə də artım baş verib-2,7 bənd və ya 1 faiz. Bu da Braziliya realının məzənnəsinin ABŞ dollarına nisbətən 4 faiz bahalaşması ilə izah edilir./politika.az/

MediaFax