Dollar satılmaması turizmə zərbə vurur

Ölkədə dollar satılmaması yenicə ayaq tutan turizmi büdrədir

Ekspertlər bildirirlər ki, milli valyutaya olan inamı maliyyə sektorundakı qısamüddətli iqtisadi effekt verə biləcək sərt monetar siyasətə qurban vermək olmaz...
Ölkədə valyutadəyişmə məntəqələrinin ləğvi xarici valyutanın dəyişdirilməsində şənbə-bazar günləri (banklar işləmədiyi günlərdə) çətinlik yaradırdısa, hazırda durum daha da ağırlaşdırılıb. Çünki banklar dollar və avro satışını tamamilə dayandırıblar. Ekspertlər bunun turizmə ciddi təsir göstərdiyi qənaətindədirlər. Hətta bildirilir ki, ölkəyə gələn turistlər istifadə etmədikləri manatları gedərkən dollara çevirə bilmirlər. Bu isə turizm potensialını da azaldır. Üstəlik, aeroportda da dollar satılmır. 

Ekspert Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, son günlər valyuta bazarında baş verən gərginlik, sözsüz ki, ölkə hüdudlarından kənara getmək istəyən vətəndaşlar üçün də ciddi problemlərə səbəb olmaqdadır: "Belə ki, son məlumatlara görə, hətta ölkənin aparıcı bankları belə dollar satışını dayandırmışlar. Xarici ölkələrə turizm səyahətlərinin tam əksər hallarda xeyli müddət əvvəlcədən planlaşdırılmasını və buna görə də bu səyahətlərin ləğv edilməsinin çətinliyini nəzərə alsaq, həmin vətəndaşların ciddi problemlərlə üzləşdiyini qətiyyətlə söyləyə bilərik. Beləliklə, ölkənin bank sektorunun ölkə əhalisinin əhəmiyyətli hissəsinə qarşı qəbuledilməz münasibətinin şahidi oluruq. Həqiqət naminə, demək lazımdır ki, hazırkı iqtisadi durumda ölkə əhalisinin ölkə hüdudlarından kənara yola düşməsi makroiqtisadi cəhətdən iqtisadiyyat üçün əlavə yükdür. Bununla belə, bu vətəndaşların hüququdur və aidiyyəti qurumlar ölkə vətəndaşlarının həm də vergi ödəyiciləri kimi həmin qurumların normal şəkildə fəaliyyət göstərməsinin təminatçısı olduqlarını nəzərə aldıqda, vətəndaşların bu hüquqlarından istifadə etmələrinə yardımçı olmalıdırlar”.

Ekspertin sözlərinə görə, maraqlı məqam həm də ondan ibarətdir ki, bank-maliyyə sektoruna nəzarət etməli olan, habelə istehlakçıların hüquqlarının müdafiəsinə görə birbaşa məsuliyyət daşıyan çoxsaylı müvafiq qurumlar bu məsələyə qəribə münasibət göstərirlər: "Ölkə vətəndaşlarının xaricə gedərkən onlarda olan milli valyutanın mövcud qanunvericilik çərçivəsində, banklar vasitəsilə həmin ölkələrdə azad konvertasiya olunan valyutalara dəyişmək hüququnun faktiki olaraq tanınmaması son nəticədə milli valyutanın ölkə daxilində belə azad konvertasiya olunan valyuta olması məsələsini şübhə altına qoymaqla, bütövlükdə ölkənin maliyyə bazarına çox ciddi mənfi təsir göstərə bilər. Son illər ərzində Azərbaycan iqtisadiyyatının nailiyyətlərindən biri də məhz ölkə ərazisində milli valyutanın istənilən həcmdə azad konservasiya olunması idi. Bu, uzun müddət ərzində qazanılan milli valyutaya olan inamı maliyyə sektorundakı qısamüddətli iqtisadi effekt verə biləcək sərt monetar siyasətə qurban vermək, fikrimcə, yolverilməzdir. Üstəlik də, nəzərə alınmalıdır ki, xarici dövlətlərə yola düşən bir çox insanlar bu səyahətlərini heç də istirahət məqsədi ilə deyil, müqəddəs ziyarət, müalicə və digər zəruri məqsədlərə görə həyata keçirirlər, ölkənin bank-maliyyə sektoruna aid qurumlar, maliyyə bazarındakı bu anlaşılmaz vəziyyəti tezliklə aradan qaldırmalıdırlar”.

Paytaxtdakı turizm şirkətlərinin rəhbərləri də xarici valyutanın satılmamasının ölkədən xaricə gedənlərin sayını azaltdığı qənaətindədirlər. Bildirilir ki, manatın ötən il baş verən iki devalvasiyası turizm sektorunda ciddi problemlər yaradıb. Turizmçilər bildirirlər ki, müştərilər isə kəskin azalıb. Üstəlik, dolların satılmaması əlavə problem deməkdir. Şirkət rəhbəri Mamed Əliyev musavat.com-a açıqlamasında deyib ki, dolların bahalaşması səbəbindən turlar, biletlər xeyli bahalaşıb və ölkədən səyahət etməyə gedənlərin sayında kəskin azalma var: "Ölkəyə gələnlər çoxdur, gedənlərin sayı azalıb. Qiymətlər bahadır deyə, səyahətə getmirlər”.

Qeyd edək ki, bəzi ekspertlər bildirirlər ki, bank rəhbərləri durumdan istifadə edərək dollarları qara bazara yönəldərək əlavə qazanc götürməkdə israrlıdırlar. Belə ki, qara bazarın çiçəklənməsində məhz bank sahibləri maraqlıdırlar. Bankların dollar satmaması isə qara bazarda məzənnəni sürətlə artırır... 


MediaFax