Dollar qalxacaq? - Açıqlama

"Federal Ehtiyatlar Sisteminin yığıncağında uçot dərəcəsini 0.25 faiz artıra bilər”
 
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov bəyan edib. Onun fikrincə, bu gün başlanan Federal Ehtiyatlar Sisteminin yığıncağı dünyanın diqqət mərkəzindədir: 

"ABŞ birjaları artıq Federal Ehtiyatlar Sisteminin toplantısına reaksiya verməkdədir: indekslər yeni artım rekordunu təzələyib. Yığıncaqda uçot dərəcəsinin 0.25 faiz artırılacağı gözlənilsə də, hələlik müşahidəçilər proqnoz verməkdə maraqlı görsənmirlər. Federal Ehtiyatlar Sistemində qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır. Bu baxımdan, nəticəni proqnozlaşdırmaq praktik olaraq mümkün deyil.” 

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırarsa, bu qlobal və eləcə də Azərbaycan bazarına necə təsir göstərəcək? 

İqtisadçı qeyd edib ki, qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı: 

"Son həftələr ABŞ dollarının möhkəmlənməsi psixoloji təsirlər ilə əlaqədar idi. Təbii ki, bizim üçün ən vacibi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot dərəcəsinin artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu, həmçinin, daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər.”/aznews.az/

MediaFax