Cahangir Hacıyev üçün həbsxanada xüsusi şərait yaradılır? - Açıqlama

Uzun müddətdir ki, Azərbaycan kütləvi informasiya vasitələri Beynəlxalq Bankın məhkum olunmuş sabiq başçısı Cahangir Hacıyevin həbsxanada üstün şərtlərdə saxlanıldığı barədə xəbərlər verirlər.
 
Haqqin.az-ın dünən dərc edilən "Hörümçəklər və Banklar” adlı məqaləsində də bildirilirdi ki, keçmiş bankir üçün 6 saylı cəzaçəkmə müəssisəsində rahat yaşayış üçün hər cür şəraiti olan xüsusi "ev” tikilir.

Azərbaycan Ədliyyə Nazirliyi bu məqalədə göstərilənlərə bəyanatla cavab verərək bildirib ki, Cahangir Hacıyevin saxlanılması üçün rahat şəraitin yaradılması barədə məlumatlar həqiqətə uyğun deyil.

"Nə adı çəkilən məhbus, nə də digərləri üçün heç bir güzəştli və üstün şərait yoxdur və ola da bilməz. Bu məlumat həqiqəti əks etdirmir. Bütün məhkum olunanlar mövcud qanunvericiliyin tələblərinə uyğun saxlanılırlar”, - haqqın.az-ın redaksiyasına Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş məlumatda belə deyilir.

MediaFax