Cahangir Əsgərovun “AZAL”ı çökür

Cahangir Əsgərovun "AZAL”ı çökür, baş məşqçi dilə gəldiAZAL prezidenti Cahangir Əsgərovun idman biznesi çökür

Bu barədə Politika.Az-a verilən məlumata görə, baş pilotun "AZAL” idman klubu tənəzzül dövrünü yaşayır. 

Klub rəhbərliyi maliyyə problemi ilə üzləşib. Baş məşqçi və futbolçular maaşları vaxtında ala bilmir, əmək haqları azaldılıb. 

Bunu klubun baş məşqçisi Tərlan Əhmədov da təsdiqləyib: "İndiki vəziyyətdə komandanı atıb gedə bilmərəm. Gedişat onu göstərir ki, hələ uzun müddət burda qalacağıq. Əvvəl komandada vəziyyət yaxşı idi. İndi pul yoxdu deyə, onları atıb gedə bilmərəm”. 

Baş məşqçinin açıqlaması təsdiqləyir ki, C.Əsgərovun komandasında işlər yaxşı getmir. 

Mənbə qeyd edib: "Əlbəttə, AZAL idman klubunda maliyyə problemi var idi. Yaranan problem də rəhbərliklə işçi, idmançı arasında qopmaya səbəb yaratmışdı. Buna görə də heç kimin fikri önəmsənilmirdi. 

Klubdaxili bir "dərəbəylik” yaranmışdı. Bildiyimə görə, bu problem indi fəaliyyət göstərən AZAL futbol klubuna da təsir edirdi. Bildiyimə görə, hələ də təsir etməkdə davam edir”.

Məlumat üçün bildirək ki, AZAL İdman Klubunda ağır atletika, karate, voleybol, basketbol, güləş, futbol, həndbol və digər bölmələr mövcud idi. 2010-cu ildən isə həndbol komandası, 2011-ci ildən şahmat klubu fəaliyyət göstərirdi. 

İndi isə sadəcə AZAL futbol klubu var. Müşahidələr göstərir ki, AZAL prezidenti Cahangir Əsgərovun idman biznesi iflas edir. Son zamanlar ona tuşlanan tənqidlər də vəziyyətinin yaxşı olmadığına əsas yaradır. 

C.Əsgərovun istefaya gedəcəyi barədə fikirlər səslənir. Bildirilir ki, Cahangir Əsgərov müflis olduğuna görə, klub saxlamaq iqtidarında deyil. 

Ona görə də gənclərlə çempionatı sadəcə, yola vermək niyyəti güdürlər. Amma AZAL-ın problemləri bununla həllini tapmır. Cahangir Əsgərov bu borcu ödəmək iqtidarında deyil.

MediaFax