Büdcə kəsiri niyə yaranıb? - İqtisadçı ekspert açıqladı

"Büdcə özü ümumiyyətlə kəsirlə planlaşdırılır. İndiki halda büdcə kəsirində yaranmış məbləğ o qədər təhlükəli deyil”.

Bunu saytımıza açıqlamasında iqtisadçı eskpert Azər Mehtiyev 9 ayda 519 milyon manat büdcə kəsirinin yaranmasından danışarkən deyib. Onun sözlərinə görə, dövlət büdcəsinin ötən ildən qalan imkanları həmin kəsiri qapatmağa imkan verir:

"Dövlət büdcəsi əvvəllər neft gəlirləri hesabına fəaliyyət göstərib və davamlı olaraq böyüyüb. Birdən-birə gəlirlərin kəsilməsi istər-istəməz qeyri-neft sektorundan daxilolmaların artırılmasını tələb edir. Bu da qısa müddət ərzində gerçəkləşəcək hadisə deyil”.
 
 

İqtisadçı qeyd edib ki, 9 ayın yekunlarına görə əsas diqqət çəkən məqam büdcədə nəzərdə tutulan fəaliyyətlərin tam icra olunmamasıdır: "Hökumət büdcənin icrasında bu il ciddi şəkildə kəmərləri sıxmaqla məşğuldur. Dövlət Neft Fondundan edilməli olan transfertlər hələ həyata keçirilməyib. Daha çox vergilər hesabına büdcəni icra etmək niyyəti hiss olunur. Eyni zamanda üzərinə düşən öhdəlikləri kəsirlə yerinə yetirir. Hökumət büdcədə nəzərdə tutulanları bu gün icra etmirsə, məsələyə izah verməlidir. Əgər bu vəsait çatışmazlığı ilə bağlıdırsa bunu açıqlamalıdır.

Hökumət əvvəki illərdəki kimi vəziyyətin yaxşılaşacağına ümid etmir. Bu il çox ehtiyatla işlərini həyata keçirir”./qafqazinfo.az/

MediaFax