Bu əti bizə satmaq istəyirdilər - Foto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.
 
Yanvarın 30-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən Dövlət Yol Polisi postunda reyd keçirmişlər.
 
Reyd zamanı Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus  "Mersedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobili saxlanılmışdır.

Avtomobilə baxış keçirilərkən onun arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub.
 
Aşkar olunan heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.
 
Reyd zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul ediləcəkdir.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir./modern.az/

MediaFax