Benzinin qiymətinin artması yerli istehsalı bahalaşdıracaq - EKSPERT

İdxal benzinin qiymətini artırmaqla yerli istehsalın bahalaşmasına zəmin yaradılır.
 
Bunu tanınmış ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib.
 
Mediafax.Az ekspertin fikirlərini olduğu kimi təqdim edir:

"Bildiyiniz kimi bu günkü bahalaşmadan sonra Azərbaycana idxal olunan premium markalı benzin 1 manat 15 qəpik , "Super” markalı benzin isə 1 manat 20 qəpik olub. Son artımdan sonra idxal olunan benzinin 1 litrinin pərakəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb. Məsələn, super markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağınızı qiymətindən 2 dəfə, A-92 markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə bu fərq daha da yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılmaq məqsədilə Tarif Şurasına müraciəti üçün yeni əsaslar yaradır. Çünki, inhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra A-92 benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan A-92, Dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür. Bununla yanaşı, son günlər manatın ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqin artmasına şərait yaradır. Beləliklə də ölkələrarası müqayisə də qiymətin bahalaşmasına əlavə arqumentlər yaradır. Odur ki, yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir."

MediaFax