Bələdiyyə sədri vətəndaşın torpağını satdı

Gəyəçöl kənd sakini Şəhla Əliyeva: "Təhqirlərə dözməyib neçə dəfə intihar etmək istəmişəm”

Bu günlərdə Masallı rayonu Gəyəçöl kənd sakini Şəhla Haşim qızı Əliyeva redaksiyamıza gələrək torpağının bələdiyyə sədri tərəfindən qanunsuz olaraq satılmasından şikayətlənib. Vətəndaş bildirib ki, onun icazəsi olmadan kənd bələdiyyə sədri həyətyanı sahəsini satın alır. Ş.Əliyevanın sözlərinə görə, buna qarşı öz etirazını bildirdiyi üçün daim təzyiq və təhdidlərlə üz-üzə qalıb: 

"Atamın ölümündən iki il sonra məlum oldu ki, kənd sakini Cavidan Şükürov evimizin yerləşdiyi həyətyanı sahəmizi almaq istəyir. Mən bununla razılaşmadım. Bir gün Bakıdakı qohumlarımgildən geri qayıtdıqda həyətimizdə tikinti üçün çoxlu daşlar töküldüyünü və həyətimizin hasara alındığını gördüm. Anamdan bunun səbəbini soruşdum. Anam dedi ki, ərazi nümayəndəsi Afərin Şükürov və bələdiyyə sədri Bəybala Əsədov bildirib ki, guya bizim torpaqlar artıqdır və buna görə əlimizdən alacaqlar. O da məsələni belə görüb, rəsmi surətdə məktubla bələdiyyə sədrinə müraciət edib. Mən bələdiyyə sədrinə bildirdim ki, heç olmasa icazəsiz əlimizdən alırsınızsa, onu mənə satın. Məktubuma cavab olaraq bildirildi ki, təsərrüfatdan ayrılmalısız. Bu barədə də müraciət etdim. Lakin bu dəfə cavab gəldi ki, anan razı deyil. Anamdan bu barədə soruşdum, o isə dedi ki, ”bala, başını bəlaya salma, odla oynama". Anladım ki, anamı qorxudublar. Lakin mən Şirvan Məhkəməsinə müraciət etdim. Bundan sonra isə mənə qarşı təzyiqlər başladı. Bələdiyyə sədri və adamları gəlib həyətdəcə məni təhqir edir, söyür, ölümlə hədələyirlər. 

Bununla bağlı 102 xidmətinə də müraciət etmişəm. Lakin bir xeyri olmadı. Gəlib evi daşa basırlar, məni bununla qorxutmağa çalışırlar.

Məsələni belə görüb prezidentə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim, Hicran Hüseynovaya məktub göndərdim. Az qala hər gün gəlib məni təhqir edir, başıma oyun açacaqları ilə hədələyirlər. Bu yolla məni kənddən didərgin salmağa çalışırlar, çünki artıq evimizdə qala bilmirəm. Təhqirlərə dözməyib neçə dəfə intihar etmək istəmişəm. Aidiyyəti orqanlardan xahiş edirəm, mənə köməklik etsinlər".

Qeyd edək ki, mətbuatda Gəyəçöl bələdiyyəsi haqqında bir neçə dəfə şikayət dolu yazılar dərc olunub. Məlumatlarda bildirilir ki, bələdiyyə sədri Bəybala Əsədov tutduğu vəzifəsindən kənarlaşdırılsa da öz yerini gəlini Xəyalə Əsədovaya təhvil verib. Lakin "ad” gəlininki olsa da "dadı” və idarəçilik yenə də Bəybala Əsədovaya məxsusdur və o öz əməllərinə davam etməkdədir.

Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./musavat.com/

MediaFax