Baş mәşqçilәr meydançadan şikayәtlәndilər: “Bәrbad idi”

Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Kəpəz"lə səfər qarşılaşmasında qolsuz bərabərliyə qalan "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib.

Gürcü mütəxəssis meydançada yetirmələrinin əzmkarlığını xüsusi qeyd edib:

"Meydança acınacaqlı vəziyyətdə idi. Buna baxmayaraq, uşaqlar əzmkarlıq göstərdilər. Demək olar ki, rəqibə fərqlənmək üçün imkan vermədilər. Bircə top qapı dirəyindən döndü. Qalan dəqiqələrdə isə rəqib yalnız standart vəziyyətlərə bel bağladı. Çempionatın ilk yarısından da razıyam. İndi dincəlmək vaxtıdır. Sonra isə başladığımız işi həm Kubokda, həm də çempionatda davam etdirəcəyik.

Final fitinə yaxın düşündüm ki, ümumiyyətlə, qol buraxmasaq yaxşıdır. Elə bu səbəbdən də Adrian Skarlatakeni də meydana buraxdım.

"Kәpәz"in baş mәşqçisi Şahin Diniyev dә meydançadan şikayәtlәnib:

"Deyərdim meydanda bir komanda var idi. Bu da "Kəpəz" idi. Ancaq meydançanın əlverişsiz vəziyyətdə olması hücum etmək planında ciddi problemlər yaradırdı. Özünüz də görürdünüz ki, futbolçular topla irəliləyərkən, sürüşüb yerə dəyirdilər. Oyunçularım çox yaxşı mübarizə apardı. Onlar "İnter"ə heç bir komponentdə uduzmadılar. Həm rəqiblə, həm də meydançayla layiqli mübarizə apardılar. Ümumiyyətlə, son turlarda uşaqlardan razı qalıram. Rəqiblərimizə heç bir komponentdə uduzmamağımız məni sevindirir.

Komandanın əlinin kubokdan üzülməsinə gəlincə, bu, bəlkə də müsbət məqamdır. Çünki indi bütün diqqətimizi çempionata yönəldəcəyik və avrokuboklara vəsiqə verən yerlərdən biri uğrunda mübarizəni bir cəbhədə aparacağıq. Qarşıda uzun fasilə var və bundan maksimum yararlanmağa çalışacağıq."/futbolinfo.az/

MediaFax