Bakıda soyqırımı muzeyi açılmasına nə mane olur? - Araşdırma

Bakıda soyqırımı muzeyinin yaradılacağı deyilsə də,  hələ ki  məsələ öz həllini tapmayıb.

Bu il isə Xocalı soyqırımının 25-ci ildönümü tamam olacaq.  

O zaman soyqırımı muzeyinin yaradılması ilə bağlı nə kimi yeniliklər olacaq?  

Xocalı rayon icra başçısının müavini Vahid Əliyev saytımıza açıqlamasında deyib ki, muzey tikiləsi olsa da, bu,Xətai rayonunda olmayacaq.

"Muzeyin tamamilə başqa yerdə tikilməsi gözlənilir. Xətaidə artıq "Ana harayı” abidəsi var. Ola  bilsin ki, yaxın gələcəkdə yekun söz deyilsin. Tədbirlər planı yəqin ki, yaxın vaxtlarda təsdiqlənəcək. O təsdiqlənəndə artıq bu kimi məsələlər birbaşa tədbirlər planına daxil edilir. Bütün dəqiqləşmələr tədbirlər planı təsdiq olunandan sonra bəlli olacaq”. 

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov isə soyqırımı muzeyinin yaradılması məsələsini dəfələrlə gündəmə gətirdiyini bildirib.

"Ulu öndərimizin 1998-ci ildə azərbaycanlıların soyqırımı ilə bağlı verdiyi fərmanda belə bir bənd vardı: "Bakı şəhərində soyqırımı abidəsi və soyqırımı muzeyi yaradılsın”. 

Ancaq bu günə kimi bu bəndin icrası yerinə yetirilməyib. Bu məsələni gündəmə gətirəndə mənə ümid verirlər ki, artıq onun icrasına başlanılıb. O vaxt belə bir təklifim vardı ki, soyqırımı abidəsi və soyqırımı muzeyi vaxtilə azərbaycanlılara qarşı çox ögey münasibətdə olan Kirov heykəlinin yerində yaradılmalıdır. Ona görə ki, orada bir tərəfdə Şəhidlər Xiyabanı, digər tərəfdə isə türk şəhidliyidir. Digər bir tərəfdə də soyqırımı abidəsi və soyqırımı muzeyi olar.  Azərbaycana gələn istənilən xarici nümayəndə əgər Şəhidlər Xiyabanını ziyarət edəcəksə, istər-istəməz soyqırımı muzeyini də ziyarət etməlidir. Çox təəssüf ki, təkliflərim nəticə vermədi. Kirov heykəlinin yerində restoran tikiblər. Təəssüf!

Qubada soyqırımı abidəsi var. Bakıda da Xocalı soyqırımına həsr olunmuş Xətai rayonunda abidə var. Dəfələrlə təklif etmişəm ki, Azərbaycana gələn xarici nümayəndələrin rəsmi və ziyarət protokollarına  həmin  abidəni ziyarət etmək də  salınsın. Təəssüf edirəm ki, həmin abidəni 3 erməni gedib ziyarət edib, Xocalı soyqırımının qarşısında baş əydilər. Onlardan sonra ombudsman Elmira Süleymanova  Rusiyanın ombudsmanını Xocalı soyqırımı abidəsini ziyarət etməyə apardı. Biz xocalılar buna çox sevindik. Ona görə də hələ ki Bakıda soyqırımı abidəsi odur. Yəqin ki, Bakıda möhtəşəm bir soyqırımı abidəsi və soyqırımı muzeyi yaradılacaq. İnsanlar gedib oranı ziyarət edəcəklər.

Bu il cənab prezident Xocalı soyqırımı ilə bağlı sərəncam imzalayacaq. Tədbirlər planı olacaq. O zaman hər birimizə hər şey bəlli olacaq”./modern.az/
 
MediaFax