Magistral qaz xəttində yanğın tam söndürüldü - YENİLƏNİB

10:44

Bakıda qaz kəmərində partlayış olub.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir./APA/
 
X X X
 
"Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlının verdiyi məlumata görə, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: "Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.

Qaradağ Rayon Polis İdarəsindən "Qafqazinfo”ya hadisənin baş verdiyini təsdiqləyiblər.
 
=====
11:15
 
Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xəttində partlayış baş verib.

Ərazidə işləyənlərin Ölkə.Az-a verdiyi məlumata görə, hadisə boş ərazidə baş verib. Ölən və yaralanan yoxdur.

Mənbənin verdiyi məlumata görə, hadisə Əzim kəndinin ərazisində saat 10:00 radələrində baş verib. İşçilərin çay fasiləsi vaxtı olduğu üçün ərazidə heç kim olmayıb. Bütün işçilər ərazidən təxliyyə edilir.

Hadisə baş verən yerlə təzə tikilən terminalın arasında məsafə 500 metrdir.

Mənbəmiz hadisənin hansı səbəbdən baş verdiyini də bilmədiyini də əlavə edib.

Hadisə ilə bağlı məlumatlar əldə etdikcə diqqətinizə çatdıracağıq.
 
======
12:31
 
Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.

Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Sakinlər və media nümayəndələri əraziyə buraxılmır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.
 
=======
16:29 
 
Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb.

Bu gün səhər saatlarında başlayan yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə cəlb edilən 6 texnikası və canlı qüvvənin köməkliyi ilə yanğın tam məhdudlaşıdırılıb.

Qeyd edək ki, SOCAR-dan verilən məlumata görə yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb./report.az/



MediaFax