Bakıda 2-ci əl avtomobil bazarında satışlar tamamilə dayanıb.
Əsas səbəb dolların yenidən bahalaşması və məzənnə ilə bağlı qeyri-sabit vəziyyət yaranmasıdır. Ekspertlərin sözlərinə görə, belə vəziyyətdə hamı gözləmə mövqeyində qalır və nəisə almağa tələsmir. Əllərində olan pulu dollara çevirib saxlayırlar. Nəticədə, bu avtomobil bazarına da təsir edir.
Ekspertlərin fikirlərini avtomobil bazarındakı satıcılar da təsdiqləyirlər. Badamdar avtomobil bazarından satıcıların sözlərinə görə, avqust ayının sonundan etibarən bazarda tamamilə səssizlikdir. Avtomobil alan ümumiyyyətlə yoxdur. Satıcı Aley Şamilov bildirib ki, avqust ayının sonunda barterlə olsa da, bazarda 4-5 avtomobil satmaq mümkün olmuşdu. Məsələn, 1995-ci il model "Mercedes” avtomobilini üstündə 7 min manat ödəməklə 2004-cü ilin "Mercedes E Class”la barter etmişdilər.Və yaxud 2007-ci ilin "Pojero”sunu əlavə 3 min manat ödəməklə 2010-cu il model "Pojero” ilə dəyişmişdilər.Hazırda isə hamı dolların məzənnəsinin sabitləşməsini gözləyir. Ona görə, hələlik avtomobil satışı tam dayanıb.
Avtomobil almaq üçün ən əlverişli vaxtdır
Amma buna baxmayaraq indi avtomobil almaq üçün ən sərfəli vaxtdır. Belə ki, satışların olmadığı şəraitdə satıcılar qiymətdə daha çox endirimə razı olurlar. Satıcının sözlərinə görə, belə vəziyyətdə avtomobili qiymətindən aslı olaraq daha ucuz almaq olar.
Avtomobilləri 5 min dollara kimi endirimlə almaq olar
Qiyməti 10 min manata kimi olan avtomobillərə 1200-1500 manata kimi endirim edilir. Məsələn, hazırda 7500 manata satılan 2010-2011-ci il model "Priora” avtomobilini 5800-6000 manata almaq olar.
A.Şamilovun sözlərinə görə, hazırda qiyməti 15-20 min manata olan avtomobilləri isə danışığa əsasən qiymətini daha çox endirmək olar. Məsələn, 2009-cu ilin "Toyota RAV4” avtomobilinin qiyməti 20 min manatdırsa, eyni avtomobili 18 min manata almaq olar.
Dollarla satılan avtomobillərin qiymətlərində isə daha çox fərq yaranıb. Məsələn, 35 min dollar satılan 2014-cü il model "Toyota Prado”nu 30-31 min dollar almaq olar.
Dollar ikinci əl avtomobilləri bahalaşdıracaq
A.Şamilov bildirib ki, amma 2-ci avtomobil bazarında qiymətlər bu şəkildə davam etməyəcək:” Dollar bahalaşması ölkədə qiymətləri artıracaqsa, buna uyğun olaraq təzə avtomobillərlə yanaşı 2-ci əl avtomobillər də bahalaşacaq”./fins.az/
MediaFax