Bahalaşmanın yeni mərhələsi başlayır - Bədbin proqnoz

"Qeyri-sabit və yağıntılı hava şəraiti kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışının həyata keçirilməsində çətinliklər yaradır. Nəticədə meyvə və tərəvəzin topdan və pərakəndə satış qiymətləri əhəmiyyətli dərəcədə bahalaşmaqdadır."
 
Mediafax.Az-ın məlumatına görə, bunu tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, bahalalaşan mallar arasında yüksək qiymət artımları, xüsusilə, bostan və tərəvəz məhsullarında, konkret olaraq pomidor, xiyar, badımcan, göy lobya, kartof, kök, çuğundur, sarımsaq, eləcə də göyərti, meyvələrdən isə üzüm, armud, mandarin, şaftalıda müşahidə olunur.

"Beləliklə də son günlər fəallaşan mövsümi amillər istehlak qiymətləri indeksinə artırıcı təsir göstərərək, bu il üçün xarakterik olan iki rəqəmli inflyasiyasını geri dönməz edir", - deyə ekspert vurğulayıb.

Məlumat üçün qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz bahalaşıb.

MediaFax