Bahalaşmanın qarşısını almaq mümkün olacaqmı?

Ekspertlər səbəblər göstərirlər, qiymət artımı payızda da davam edəcək... 

Ölkədə yeni bahalaşma dalğası gəlir. Bir neçə gün əvvəl siqaretin qiymətinin artmasından sonra ərzaq məhsullarında da bahalaşma müşahidə edilib. Ekspertlər bahalaşmanın davamlı olacağını və payızda da müşahidə ediləcəyini vurğulayırlar. 

Bildirilir ki, əslində hökumət bir müddət əvvəl işığın və suyun qiymətində artıma gedərək indiki bahalaşmalar üçün əsas yaradıb. Bu səbəbdən də hökumətin qiymət artımının qarşısını alacağı ağlabatan deyil.

Ekspertlərin fikrincə, manatın devalvasiyası şəraitində yeyinti məhsullarının idxalının artımı, suyun və elektrik enerjisinin tariflərinin bahalaşması inflyasiyanın artımını şərtləndirəcək. 

Ekspert Fikrət Yusifov isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, bazarda mal və məhsulların qiymətlərinin artmasının yeganə səbəbi manatın məzənnəsində baş verən ucuzlaşmadır: "Bəllidir ki, bir çox ərzaq məhsulları və bəzi yerli istehsal məhsullarının müəyyən komponentləri xaricdən alınıb gətirilir. Xaricdən alınıb gətirilən məhsullar və ya komponentləri xaricdən alınıb gətirilərək istehsal olunan yerli məhsullar daxili bazarda milli valyuta ilə satılır. Bu satışdan əldə olunan manatla ticarət dövriyyəsini normal şəkildə davam etdirmək və bu zaman ziyana düşməmək üçün iş adamları malların qiymətlərini bu şəkildə qaldırmaqla özlərini sığortalamış olurlar. Bu gün xaricdən mal alıb gətirib bazarda onu satan tərəf 10-15 gündən sonra manatın məzənnəsində nə dəyişikliyin baş verəcəyini müəyyən edə bilmir və bu səbəbdən də ”hər ehtimala qarşı" qiymətləri manatın bugünkü ucuzlaşma səviyyəsindən bir qədər də artıq qaldıraraq özünü sığortalayır. 

O hesab edir ki, gətirdiyi malları satıb xaricdən yenidən mal gətirməyə qədər olan vaxtda manat bir qədər də ucuzlaşa bilər və bu səbəbdən ziyana düşə bilər. Yaranmış durumda bu adamları müəyyən qədər başa düşmək olar. Ancaq yerli xammal əsasında yerli məhsul istehsal edən bir sıra iş adamlarının da bu cərgəyə qoşularaq qiymətləri qaldırması başadüşülən deyil. Yaranmış vəziyyətin tənzimlənməsinin yeganə yolu ölkəyə xarici valyuta axınını təmin edə biləcək ixracyönlü istehsal sahələrinin sürətli inkişafını təmin etməkdir. Bu yolun alternativi yoxdur. Tədiyyə balansındakı mənfi saldo mövcud olduqca, manatın ucuzlaşması davam edə bilər. Bu isə öz növbəsində idxal mallarının qiymətlərinin artmasının əsasını təşkil edən amildir". 

Ekspertlər ərzaq məhsulları ilə yanaşı, nəqliyyat xərclərinin, gediş haqqının artırılacağını da ehtimal edirlər. Ekspertlər qeyd edirlər ki, elektrik enerjisinin qiymətlərinin artırılmasının fəsadları artıq özünü göstərir. Yəni ölkədə istehsal olunan əksər əmtəə və xidmətlərin formalaşmasında elektrik enerjisinin xüsusi çəkisi əhəmiyyətli rol oynayır və bu baxımdan, qiymət artımına səbəb olub./musavat.com/

MediaFax