Azərbaycandakı gülənçiləri gözləyən ittiham maddələri

Hüquqşünas cinayət maddələri ilə bağlı təxminlərini söylədi 
 
Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğun açıqlamasının ardından cinayət işinin konkret hansı maddələr üzrə aparılacağı barədə müəmma yaranıb. Maddələrin açıqlanmaması bəzi sualların meydana çıxmasına səbəb olub. İndiyə qədər gülənçilərdən həbs edilənlərin olduğu istisna deyil. Amma onların hansı maddələr üzrə ittiham olunduqları məlum deyil. 

Hüquqşünas Müzəffər Baxış konkret maddələr göstərilmədiyindən, cinayət işi çərçivəsində şübhəli bilinəcək şəxslərin hansı maddələrlə ittiham olunacaqlarını indidən deməyin çətin olduğunu bildirdi: "Həmin şəxslərin hansı maddələrlə ittiham olunacaqlarını deməyə çətinlik çəkirəm. Türkiyə qanunvericiliyində dövlətə xəyanət maddəsi bizim Cinayət Məcəlləsi ilə üst-üstə düşsə, o zaman 274-cü maddə ilə həmin şəxslər ittiham oluna bilərlər. Bundan əlavə, hakimiyyəti zorla ələ keçirmə və ya saxlama, konstitusiya quruluşunun zorla ələ keçirilməsinə yönəlik hərəkətlər kimi maddələr Türkiyə Cinayət Məcəlləsində bu maddə üzrə nəzərdə tutulursa, bu ittiham da cinayət işinə salına bilər.

Yaxud bizim Cinayət Məcəlləsində silahlı qiyam maddəsi var. Burada 12 ildən 20 ilə qədər cəza nəzərdə tutulur. Azərbaycanın ərazi toxunulmazlığına, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olan, Azərbaycan vətəndaşı tərəfindən qəsdən törədilən əməl, düşmən tərəfə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, dövlətə qarşı düşmənçilik fəaliyyəti kimi ittihamlar da ola bilər ki, burada da 12 ildən 20 ilə qədər, yaxud ömürlük cəza nəzərdə tutulur. Yəni bu maddələri irəli sürə bilərlər. 214-cü maddədə nəzərdə tutulan terrorçuluq, qabaqcadan əlbir olma, mütəşəkkil dəstə yaratma, cinayətkar təşkilat tərəfindən terrorçuluq törətmə, ictimai təhlükəsizliyi pozma, ictimaiyyət arasında vahimə yaratma, dövlət və hakimiyyət orqanlarının, beynəlxalq təşkilatların qərarlarına təsir göstərmək məqsədilə fəaliyyət göstərmək, insanların həlak olması, onların sağlamlığına zərər vurulması kimi maddə tövsif oluna bilər. 

Bu maddə ilə 14 ildən 20 ilə qədər cəza və ya ömürlük cəza nəzərdə tutulur. Ola bilər ki, o şəxslərə insanlıq əleyhinə olan cinayətlərlə bağlı da ittihamlar verilsin. Onlara qarşı Cinayət Məcəlləsinin 12.1.2.3-cü maddələri də irəli sürülə bilər. Açığı inanmıram ki, bu iş üzrə tam obyektiv araşdırma aparılsın. Yalnız günahı olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunacaqlarına inamım azdır. Hansısa bir şəxs barəsində bu cinayət işi üzrə həbs edilməsi üçün tapşırıq verilsə, əminəm ki, heç bir sübut toplamadan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bizim məhkəmələr də onlar haqqında cinayət hökmü çıxaracaqlar”./musavat.com/

MediaFax