Azərbaycanda xanım bankir vəzifəsindən uzaqlaşdırılıb

"Bank Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvü Xədicə Mirzəağa qızı Həsənova vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Report şirkətə istinadən xəbər verir.

Onun yerinə hələ ki, təyinat (seçim) olmayıb.

Qeyd edək ki, X.Həsənova yaxın vaxtlara qədər "Bakı Sığorta”nın əsas səhmdarı olan "Bank Respublika” ASC-nin İdarə Heyətinin (İH) sədri olub. Bu ilin yanvar ayında isə o, Bankın rəhbərliyindən gedib (Asəf Namazovla əvəzlənib). Buna görə də, xanım Həsənova avtomatik olaraq sığorta şirkətindəki vəzifəsindən də uzaqlaşdırılıb.

Xatırladaq ki, "Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 444 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i "Bank Respublika” ASC-yə, hər biri 9,375% olmaqla "Diamond Motors”, "Subaru Azerbaijan” və "Yeni Motor” MMC-lərə, 6,9653%-i Murad Arif oğlu Rəhimova (DŞ-nın üzvü), 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.



Vacib.İnfo