AYB-dən istefa verən Rüstəm Behrudiyə - Təbrik

Tanınmış şair Rüstəm Behrudinin Azərbaycan Yazıçılar Birliyindən istefa verməsi barədə xəbər yaymışdıq.

AYB-nin nəşri olan "Ulduz ” jurnalının nəsr, poezia şöbəsinin redaktoru Vüsal Nuru redaksiyamıza məktub yazaraq, bu olaydan təəssüfləndiyini bildirərək, şairin doğum gününü təbrik edib.
 
Vüsal Nuru

Mediafax həmin məktubu təqdim edir:

"Xəbər saytların birində Azərbaycan ədəbiyyatının ən dəyərli imzalarından biri olan, Türk dünyasının sevimli şairi Rüstəm Behrudinin AYB dən ayrıldığı xəbərini oxudum.  Təəssüf edirəm ki, Rüstəm bəy bu qərarı verib. Təəssüf edirəm ki, o AYB-nin orqanı olan "Ulduz” jurnalından, onun baş redaktoru  Qulu Ağsəsdən biz əməkdaşlarından inciyib. Çünki başda Qulu Ağsəs olmaqla, jurnalın bütün kollektivi ədəbiyyatımızın dəyərli imzalarına hər zaman diqqətlə, sevgiylə yanaşır.

Biz öz sevgi, sayqımızı  jurnalın səhifələrində ad günlərini qeyd etməklə bildirmək imkanımız yoxdu.  Hamıya məlum olduğu kimi "Ulduz” jurnalı bir gənclik jurnalıdı və yalnız bədii əsərlər çap edir.  Səhifə sayı az olduğunda geniş və əlavə materiallar təqdim edə bilmirik.

Onu da xatırladım ki, AYB –də hazırda təmir işləri getdiyi üçün müvəqqəti çətinlikdi. Otaqlarımızda hələ ki, internet bərpa olunmayıb. O üzdən biz əzizimiz Rüstəm Behrudinin doğum günü olduğunu izləyə bilməmişik.

Rüstəm Behrudi qəbul etsə, "Ulduz” jurnalı adından şairimizin doğum günün təbrik edərdik. Təqvimdə bir gün deyil, belə bir şairin doğuluşuna, var oluşuna, hər gün sevinirik.

Mən qərib, didərgin, kimsəsiz ruham
Göylərdə görünməz qəbrim var mənim.
Ölsəm tabutumu mələklər tutar, 
Yasımı allahlar saxlayar mənim  - deyən şairə arzu edirik ki, qalxıb o zirvədə əbədiləşsin."

MediaFax