Avtobuslarda qış rejiminə keçid problemi - Video

Hidrometeroloqlar xəbərdarlıq edir, hava sabahdan etibarən kəskin dəyişəcək. Qar yağacaq, yollar buz bağlayacaq. Bir sözlə, yenə yer ayağımızın altından qaçacaq.
 
Hər zaman olduğu kimi, Bakı yenə qara hazır olmayacaq, yollar vaxtında təmizlənməyəcək. Sürüşkən yollar nəinki piyadaların, nəqliyyatın da hərəkətinə mane olacaq. Belə olan halda qəzalar da qaçılmaz olacaq.

Bütün bunları önləmək üçün avtomobillərin qış rejiminə keçməsi birinci şərtdir. Bakıda nəqliyyat vasitələrinin qış rejiminə keçməsi ilə bağlı mətbuatda xəbərdarlıqlar yayılsa da, təəssüf ki, əksər sürücülər, xüsusilə də sərnişin avtobuslarının sürücüləri hələ də bundan nəticə çıxarmayıb. 

Nədənsə başqa insanların həyatı üçün məsuliyyət daşıyan marşrut avtobuslarının sürücüləri və taksi sürücüləri məsələyə biganə yanaşırlar. Hər gün yüzlərlə sərnişin daşıyan marşrut sürücüləri maşını qış rejminə hazırlamamaqla insanları nə qədər təhlükəyə atdıqlarının fərqində deyillər. 

Təbii ki, bu məsuliyyət ilk növbədə sərnişindaşıma ilə məşğul olan şirkətlərin üzərinə düşür. Onlar bir günlük qazanclarından keçib, qış təkərlərini dəyişməli, mühərrikdə olan çatışmazlıqları bərpa etdirməlidirlər. 

Əsas məsuliyyətin ən böyük payı təbii ki, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin üzərinə düşür. Bu səbəbdən də, oktyabr ayında Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlərə qış rejiminə keçidlə bağlı məktub göndərib.

Qurumun ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev də mətbuata açıqlamasında xəbərdarlıq edib: "Qış rejimi ilə bağlı bütün daşıyıcılara məktub göndəriləcək ki, sərnişindaşımada müntəzəm istifadə etdikləri avtobusları texniki baxımdan qış rejiminə uyğunlaşdırsınlar. Bura təkərlərin dəyişdirilməsi, antifrizn yenilənməsi, avtobusların salonunda isitmə sisteminin sazlığını yoxlamaq və digər zəruri addımlar daxildir”.

Görünür, hələ məktub ünvanlarına çatmayıb. Əks halda paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarında vəziyyət bu qədər bərbad olmazdı. 

Paytaxtda müxtəlif marşrutlar üzrə işləyən bir neçə sərnişin avtobusuna baş çəkdik. Avtobusların durumu, yay təkərlərinin qış təkərləri ilə əvəzlənməsi və s. məsələlərlə bağlı sürücülər və dispetçerlərlə həmsöhbət olduq. 

81 nömrəli avtobusun sürücüsü qış rejiminə keçid üçün hər cür hazırlıq gördüyünü desə də, kameramıza tuş gələn mənzərə tamam başqa idi. 81 nömrəli marşrut avtobusu əksər ictimai nəqliyyat vasitələri kimi yaydan qalan "keçəl təkər”lərlə işləyir. Gün ərzində yüzlərlə insan mənzil başına bu vəziyyətdə olan köhnə təkərlərin üstündə gedir./musavat.com/


MediaFax