"Avtobus sürücüləri narkotik maddə qəbul edərək avtobusu idarə edirlər”.
Bu fikri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 8-də keçirilən iclasında "Yol hərəkəti qaydaları” haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili çıxışında avtobus sürücülərinin əmək qanunvericiliyinə zidd olaraq, normadan artıq işlədiyini və bunun nəticəsində də müxtəlif çoxsaylı yol-nəqliyyat hadisələrinin və qəzalarının baş verməsinə diqqəti cəlb edib. "Avtobus sürücüləri 8 saat işləmək əvəzinə 16 saat çalışırlar ki, bu da nəticə də ciddi problemlərə gətirib çıxarır. Bunun qarşısı alınmalıdır. Belə hallara yol vermək olmaz. Onlar yorulmasın deyə hətta, narkotik maddələr də qəbul edirlər. Sonda qəzalar baş verir və yaxud, sürücü sərnişin arasında ciddi münaqişələr yaranır”- deyə, millət vəkili vurğulayıb.
Q.Həsənquliyev əlavə edib ki, dedikləri ciddi məlumatlardır. "Çünki bunları mənə ciddi şəxslərlə söhbətim zamanı deyilib. Bunu araşdırmaq lazımdır. Bu, ciddi məsələdir. Buna dırnaqarası yanaşmaq olmaz. Axı , həmin avtobuslar da hamının yaxını, ailə üzvü ola bilər. Xoşagəlməz hallar yaşana bilər. Hüquq-mühafizə orqanlarına təkilf edirəm ki, onlar sürücüləri mütəmadi olaraq məcburi də olsa, narkoloji dispanserdən müayinədən keçirsinlər”- deyə, millət vəkili bildirib.
Millət vəkili Çingiz Qənizadə belə halların ağır yük maşınlarının sürücülərində də qeydə alındığını dilə gətirib.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisinin müavini, polkovnik Etibar Əliyev isə bildirib ki, bu istiqamətdə tədbirlər planı hazırlanır və yaxın zamanlarda həyata keçiriləcək: "Təkcə avtobus sürücüləri deyil, ümumiyyətlə bütün növ nəqliyyat növlərində sürüclərin narkotik maddə qəbul edib-edilməməsi, davranış qaydaalrı yoxlanılacaq. Yol polisi sürücüləri xüsusi testlər vasitəsi ilə qaninda narkotik maddə qəbul edib-etməməsini müəyyən edəcək”./gununsesi.info/