“Araşdırın görək, həmin pullar hara gedib?”

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Günün ikinci yarısındakı prosesdə ifadə verən C. Hacıyev Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanma şəraitindən narazılıq edib:
"Mənim saxlanıldığım korpus dəyişdirilib. Orada gündə cəmi 4 dəqiqə su verilir, soyuducu yoxdu. Həftədə bir dəfə sovqat gətirilir, 1 gün yemək yeyəndə 6 gün ac qalıram. 45 dərəcə istidə "QAZ-53"də aparılıram. Kürdəxanıda məhkuma 50 qəpiklik yemək verilir, 50 qəpiyə yemək yeyərlər?”
 
C. Hacıyev deyib ki, o, istintaqın Baş Prokurorluqda aparılmasını istəyib: "Çünki orada peşəkar mütəxəssislər var. Əfsuslar olsun ki, istintaqı "Bandotdel" apardı, orada isə mütəxəssis yox idi. Onlara çox şeyi mən izah edirdim, özüm başa salırdım. İttihamda 211 milyon manat ziyan vurulduğu yazılıb. Amma nə qədər hesablasam da, həmin məbləğ alınmır. Ödənilməyən kreditlər üzrə 15 milyon 497 min manat qalıb, qismən ödənilənlər üzrə 481 min manat, plastik kartlar üzrə mənim adıma 9 milyon 369 min dollar, 791 min avro, 1 milyon 81 min funt-sterlinq, yoldaşım Zəminənin adına 9 milyon dollar, 2 milyon avro, 4 milyon manat borc yazılıb, qızım Leylanın isə borcu yoxdu. Onun adı bura niyə yazılıb, bilmirəm. Aydın Mehdiyevin adına 26 milyon dollar, 14 milyon avro, 4 milyon sterlinq, Cəmil İbrahimovun adına 5 milyon, Moskvadakıların adına 88 milyondan bir az çox borc yazılıb. Görünür, orda riyaziyyatı bilən yoxdur. İttihamda verilənləri ayrı-ayrı hesablayanda da heç 211 milyon etmir”.
 
O qeyd edib ki, bu vəsaitlə "Kapital Bank”dan səhmlər alınıb ki, Beynəlxalq Bankın kapitalı qaldırılsın: "Yüzlərlə adamın ölkədən çıxışına həbs qoyulub, bu qədər adam həbs edilib, nə qədər pul qaytarıblar? Heç bir qəpik də qaytara bilməyiblər. Mənə və ailəmə məxsus 184 milyon manatlıq səhmləri satıblar, raport yazıblar ki, 200 milyondan çox qaytarılıb. Mənim 1 milyon 800 min manatlıq səhmlərim vardı, niyə onunla borclarım bağlanmayıb? Bizim oğurlamaq niyyətimiz olsaydı, istintaqdan öncə ödəniş etməzdik”.
 
C. Haciyev bildirib ki, o "yazılan və yazılmayan qanunları yaxşı bilir” və "heç birini də pozmayıb”.
 
O bildirib ki, kreditlərin fiziki şəxslərə konkret layihələrin maliyyələşməsi üçün verildiyini istintaqa ifadəsində də qeyd edib: " Çünki 2010-cu ilə qədər "Valyuta Tənzimlənməsi haqqında” qanuna görə xaricə kredit vermək mümkün deyildi. Biz də fiziki şəxsin adına kredit verirdik, sonra həmin pul başqa bir şəxsin adına köçürülürdü, ordan da layihəyə yönəldilirdi. Qanun dəyişikliyindən sonra verilən kreditlər isə yeni layihələr üçün deyildi, köhnə kreditlərin artırılması idi. Layihələr fəaliyyət göstərdikcə, kreditlər geri ödənilirdi. İndi həmin layihələrə rəhbərlik edən Lüksemburq ofisini Samir Şərifov və bankın yeni rəhbərliyi şəxsi mülklərinə çeviriblər. Əgər bizim verdiyimiz kreditlə ərsəyə gələn layihələr pis idisə, Məmməd Musayev niyə onları prezidentə uğurlu layihə kimi təqdim edirdi?”
 
O deyib ki, Müşahisə Şurasının razılığı olmadan qərarlar qəbul edib: "Etmişəm, düz eləmişəm. Onların qərarının icrası Beynəlxalq Bankın bağlanmasına səbəb olacaqdı. Hansısa Samir Şərifovun dediklərini etməli idim, ya Milli Məclisin qəbul etdiyi, prezidentin təsdiqlədiyi qanunun tələbini yerinə yetirməliydim?”
 
C. Hacıyev qeyd edib ki, 2008-ci ildən Maliyyə Nazirliyi ilə münasibətlərində incident yaranıb: "Beynəlxalq böhran olanda bütün dövlətlərin Mərkəzi Bankları və Maliyyə Nazirlikləri banklara yardım etdi. Halbuki həmin vaxt Maliyyə Nazirliyi bizə təzyiq edirdi. Baş nazirə məktub yazırdılar ki, pul ayrılan layihələr kağız üzərindədir, icra olunmur. Kredit verdiyimiz 80-dən artıq şirkətə cinayət işi başlatdılar. Yoxlamalar aparıldı, nəticədə bütün cinayət işlərinə xitam verildi”.
 
C. Hacıyev deyib ki, 15 il ərzində Beynəlxalq Bankın reytinqi ölkənin ümumi reytinqindən 2 dəfə çox olub. Samir Şərifov "Moodys”in rəhbərləri ilə görüşəndə onlara deyirdi ki, bu banka niyə belə yüksək reytinq verirsiz?”
 
C. Hacıyev ötən ilin fevral ayında baş vermiş devalvasiyadan da danışıb: "Mediada, sosial şəbəkələrdə haqqında pis-pis sözlər yazılan, təhqir edilən Elman Rüstəmovun devalvasiyaya heç bir aidiyyatı yox idi. O, mən və Vahid Axundov belə böyük devalvasiyanın əleyhinə idik. Samir Şərifovun təklifi ilə bir gecədə 34 faizlik devalvasiya oldu və ölkə indiki vəziyyətə düşdü. Devalvasiya lazım idi, ancaq yavaş-yavaş”.
 
O, devalvasiyanın əleyhinə olduğunu bildirib: "Devalvasiya zamanı Beynəlxalq Bank bir gecənin içində 130 milyon manat itirib. Oradakı menecmentlərin sayəsində aktivlərin dəyişməsində 7-9 milyon manat ziyanla çıxdı. Əgər menecmentlərin səyi olmasaydı, dəyən ziyan 150 milyon manat olacaqdı".
 
C. Haciyev bildirib ki, "Azərinşaatservis"ə 2011-2012-ci illərdə 350 milyon manat kredit ayrılsa da, bu pul onlara çatmayıb: "Araşdırın görək, həmin pullar hara gedib?”
 
C.Hacıyev suallara cavab verərkən keredit ayırılması ilə bağlı fərdi qərarları birbaşa o qəbul etməyib: "Mən ümumi deyirdim ki, bu sahə üzrə kredit ayırın. Layihər üzrə kreditlərin verilməsinə Kredit Komitəsi qərar verirdi. Kreditlərə konkret olaraq Emin Mustafayev və Arif Əliyev baxırdı. Uşaqların yeganə texniki səhvi bu olub ki, fiziki şəxsə verilən krediti başqa bir adamın adına köçürəndə onlar arasında borc müqaviləsi imzalanmayıb. Bu dediyiniz qayda pozuntusudur, o da normativ aktlardır. Bu da cinayət məsuliyyəti yaratmır”.
 
Sabiq bank sədri qətiyyən özünü təqsirli bilmədiyini deyib. Daha sonra C.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb. O, ailə üzvlərinin adına 16 plastik kartla kredit ayrıldığını etiraf edib: "Ailə üzvlərim həmin kredit kartlardan istifadə edib".
 
O, həmin kartlar vasitəsilə bank üçün səhmlər alındığını bildirib: "Kartlarla bağlı məsələ mənim və ailəmin son 15 ildə dövriyyəsidir, bankda bununla bağlı sənədlər var, amma vermirlər. Samir Şərifovun sürücüsünün rəhbəri olduğu internet resursunda yazıblar ki, mənim 2 təyyarəm var, amma hələ də tapılmayıb”.
 
Məhkəmə prosesi avqustun 26-da davam etdiriləcək./lent.az/

MediaFax