ANS Ali Məhkəməyə üz tutdu

ANS məhkəmə qərarından kassasiya şikayəti verib.
 
Bu barədə ANS-dən məlumat verilib.
 
ANS Şirkətlər Qrupunun Hüquq Xidmətinin rəisi Sevda Məhərrəmovanın verdiyi məlumata görə bu gün ANS Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixi, 2-1(103) 1846 / 16 saylı qərarından kassasiya şikayətini təqdim edib.
Məhkəmə prosesinin vaxtı ilə bağlı əlavə məlumatlar yaxın günlərdə veriləcək.
 
Bakı Apellyasiya Məhkəməsində MTRŞ-nın "ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılıb və şirkətin lisenziyası ləğv edilib.
 
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” Qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
 
Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib./modern.az/

MediaFax