1 milyondan çox uşaq həbsxanalarda saxlanılır

Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə sərəncamının ictimai müzakirəsi mövzusunda dəyirmi masa keçirilib.
 
Tədbir Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı ilə baş tutub. Martın 2-də Azərbaycanın BMT-yə üzv olduğunu xatırladan Ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycan müstəqillik illərində 230-dan çox beynəlxalq konvensiyaya qoşulub.
 
O qeyd edib ki, Azərbaycanda yeni əfv institutu formalaşıb, indiyədək 10 amnistiya aktı, 60-dan çox əfv tətbiq olunub, minlərlə insan azadlığa qovuşub.
 
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini deyib ki, dünyada 1 milyondan çox uşaq həbsxanalarda saxlanılır. E. Karvardinin sözlərinə görə, sərəncama əsasən, cinayət törətmiş uşaqlarla bağlı alternativ yanaşmalar tətbiq edilməlidir: "Azərbaycan prezidentinin imzaladığı sərəncam çox əhəmiyyətli sənəddir. Yalnız azadlıqdan məhrum etmə cəzasının tətbiq olunduğu ölkələrdə uşaqların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Əslində uşaqların həbsxanada saxlanması dövlət üçün həm də əlavə yükdür. Alternativ üsullardan istifadə etməklə vəsaitlərin idarə edilməsi ilə xeyli xərclərə qənaət etmiş oluruq”.
 
O qeyd edib ki, səhiyyə, təhsil və digər sosial sahələrdə işləyən şəxslər həbsdəki uşaqlara dəstək göstərməklə kifayətlənməli deyil, onlar müəyyən risk altına düşmə ehtimalı olan uşaqları da müəyyən etməlidirlər.
 
Tədbirdə Milli Məclisin deputatı Vüsal Hüseynov, Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə sərəncamın əhəmiyyəti barədə çıxış ediblər./APA/

MediaFax