1-ci qrup əlil niyə həbsxanadadır? - Nadir olay

Ali Məhkəməyə inanılmaz şikayət - zərərçəkən təqsirləndirilənə azadlıq tələb edir, amma...

Ali Məhkəmədə Azərbaycan məhkəmə tarixində nadir hallarda baş verən hüquqi fakt qeydə alınıb. Adətən şikayətçilər təqsirləndrilən şəxslərin daha sərt cəzalandırılmasını tələb etdikləri bəllidir. Amma 1-ci qrup əlil Rauf Sultanovun işi üzrə vəziyyət tam əksinədir. 

İş üzrə şikayətçi Naida Omarovna Manafova Ali Məhkəmənin hakimi İlham Cəfərova kassasiya şikayəti təqdim edib. Şikayətində yazıb ki, zərərçəkən kimi keçdiyi iş üzrə həbs edilən 1-ci qrup əlil Rauf Sultanov günahsızdır. N.Manafova hakimdən R.Sultanovun azad edilməsini xahiş edib.  

N.Manafova kassasiya şikayətində yazıb ki, R.Sultanov ona verdiyi vədə vaxtında əməl edib və bu xüsusatı vaxtında iş üzrə araşdırma aparan Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Elmar Abdalova da çatdırıb. Belə məlum olur ki, N.Manafova notariat qaydasında təsdiqlənmiş ərizəsini də müstəntiqə təqdim edib. Orada da yazıb ki, Rauf Sultanovdan şikayətçi deyil, ondan hər hansı bir tələbi yoxdur. İş üzrə cinayət təqibini istisna edən hallar olmasına baxmayaraq, Rauf Sultanova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. 

İstintaq orqanı cinayət təqibinə başlamazdan əvvəl R.Sultanovun N.Manafovaya verdiyi vədə əməl edib-etməməsini yoxlamayıb. Rauf Sultanov bunu özünə qarşı istintaqın qərəzi ilə izah edir. O, N.Manafovaya verdiyi vəd barəsində cinayət təqibi başlayandan 1 ay 17 gün əvvəl əməl edib.  Buna baxmayaraq, ibtidai istintaqın bu "səhvi”ni sonradan məhkəmələrdə hakimlər də "görməyiblər”. Beləcə 1-ci qrup əlil olan R.Sultanov dələduzluq ittihamı ilə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. 

İş məhkəməyə göndərilərkən R.Sultanovun imzası saxtalaşdırılmaqla qondarma ittihamla razı olması göstərilib. Məhkəmə araşdırmaları zamanı bu xüsusat üzə çıxıb. Ekspertiza ittiham aktında R.Sultanovun imzasının  saxtalaşdırıldığını təsdiqləyib. Buna baxmayaraq, fakta bu günə qədər hüquqi qiymət verilməyib. 

R.Sultanovun qanunsuz olaraq cinayət təqibinə məruz qalması onun ailə üzvlərinin ölkədən getmələrinə səbəb olub. Bu il avqustun 8-də R.Sultanovun valideynləri Azərbaycanda övladlarına qarşı qanunsuzluqlara etiraz olaraq ABŞ-a yollanıblar. 

Bu haqda hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan R.Sultanov telefonla bildirib. Deyib ki, ana-atası Azərbaycanda ədalətli məhkəmə araşdırması ümidi ilə o qondarma ittihamla həbs edildiyi gündən - 2014-cü ilin dekabrından bu ilin avqustuna qədər ona mənəvi dəstək veriblər. Lakin məhkəmələrdə gördükləri ədalətsizliklər onların belə bir qərar verməsi ilə sonuclanıb: "Valideynlərim birmənalı şəkildə bəyan edirlər ki, mən azad edilməyəcəyim təqdirdə Azərbaycana gəlməyəcəklər.  Onlar mənim qanunsuz həbs edildiyimi bilirlər. Əsassız olaraq məhkum edildiyimi də məhkəmələrdə müşahidə ediblər. Ona görə də ölkə rəhbərliyinə əfvim üçün müraciət ediblər. Mənim heç bir günahım yoxdur, həbsdə saxlanmağım ibtidai istintaq və məhkəmələr zamanı çox ciddi qanun pozuntularına yol vermiş müstəntiq və hakimlərin cəzalandırılmasının qarşısının alınması üçündür. Bilirlər ki, ədalətli araşdırma aparılsa, mənə bəraət verilməli, dərhal azad edilməliyəm.Mənə qarşı cinayət etmiş şəxslər mənim yerimə həbsə göndərilməlidirlər. Buna görə də məni azad etmək istəmirlər. İş üzrə adını zərərçəkən kimi yazdıqları Naida Manafova da mənim azadlığımı tələb edir, məhkəmələr isə məni qanunsuz olaraq həbsdə saxlamaqdan çəkinmilər. Halbuki zərərçəkənin iş üzrə ona zərər vurulmadığını söyləməsi, bildirməsi bəraət verilməsi üçün əsasdır. Ali Məhkəmənin sədri Ramiz Rzayevə də müraciət edirəm - ədalətli məhkəmə araşdırması hüququmu təmin etsinlər”. 

R.Sultanov bildirib ki, Azərbaycanda bütün daxili müdafiəvasitələri tükənmək üzrədir və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırır: "İstəyirəm ki, pozulmuş hüquqlarım ölkə daxilində bərpa olunsun”./musavat.com/

MediaFax